"Xəzər Lənkəran" Apellyasiya Komitəsinə müraciət etdi
Paylaş
"Məsələyə ədalətli şəkildə baxmanızı və İntizam Komitəsinin qərarını ləğv etməyinizi xahiş edirik"
AFFA İntizam Komitəsinin fevralın 23-də çıxardığı qərardan narazı qalan "Xəzər Lənkəran" Apellyasiya Komitəsinə müraciət edib. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, müraciətdə bu məsələyə yalnız mövsümlərarası fasilədə aydınliq gətiriləcyi bildirilib və İntizam Komitəsinin qərarına ədalətli baxılması xahiş olunub.
Qeyd edək ki, İntizam Komitəsi "Xəzər Lənkəran"ın ev oyunlarını keçirdiyi Lənkəran şəhər stadionunda PFL-in baş sponsoru UniBankın reklam bannerlərini yerləşdirmədiyi üçün klubu 2000 manat cərimə edib. "Xəzər Lənkəran" isə sanksiyanın əsassız şəkildə tətbiq olunduğunu düşür.
Lənkəran klubunun Apellyasiya Komitəsinə müraciətinin mətnini olduğu kimi təqdim edirik:
Hörmətli Komitə üzvləri!
23 fevral 2010-cu il tarixində keçirilmiş AFFA İntizam Komitəsinin iclasının 37 №li protokolunda qeyd olunub ki, “Xəzər Lənkəran” Futbol Klubu ev oyunlarının keçirdiyi “Xəzər Lənkəran” stadionunda PFL-in baş sponsoru Unibankın reklam bannerlərini yerləşdirmədiyi üçün 2000 (iki min) manat cərimə olunur.
“Əsasnamə və Nizam-İntizam Qaydaları”nın 5.10-cu maddəsinə əsasən çıxarılmış bu qərarı təmamilə əsassız saydığımızdan onun ləğv edilməsini tələb edirik.
Nəzərinizə çatdırmaq istəyirik ki, “Xəzər Lənkəran” Futbol Klubunun marketinq siyasəti var. Hələ 2009/10-cu illər futbol mövsümünün startından öncə bir çox şirkətlə reklam müqavilələri imzaladığımızdan stadionda həmin şirkətlərin bannerləri yerləşdirilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, bəzi şirkətlər “Xəzər Lənkəran” Futbol Klubu hətta stadionumuzun açılışı günündən, yəni 2006/07 mövsümünün əvvəlindən bəri əməkdaşlıq edir və onlarla uzunmüddətli müqavilələrə imza atılıb. Bu müqavilələrə əsasən “Xəzər Lənkəran” Futbol Klubu müəyyən öhdəçiliklər daşıyır və onlar qeyd-şərtsiz həyata keçirilməlidir.
“Əsasnamə və Nizam-İntizam Qaydaları”nın 5.10-cu maddəsində reklam lövhələrinin 25%-nin PFL-ə məxsus olması barədə yazılanlar isə etirazımızı doğurur. Əvvəla, PFL 25% yeri “özəlləşdirərkən” klubumuzun mövqeyini və fikrini öyrənməyib. Biz hesab edirik ki, tamamilə gəlirsiz və sadəcə sponsorların dotasiyaları hesabına fəaliyyət göstərən futbol klublarının qarşısında bu cür sərt tələblə çıxış etmək ədalətsizlikdir və əslində Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının məqsədlərinə xidmət etmir. Digər tərəfdən də, nəzərə alınmalıdır ki, PFL və Unibank arasında sponsorluq müqaviləsi artıq mövsümün startından öncə deyil, gedişində imzalanmışdır. Bizim isə əməkdaşlıq etdiyimiz şirkətlərlə aramızda imzalanmış müqavilələrə yalnız mövsümlərarası dövrdə yenidən baxmaq hüququmuz var.
Sizdən xahiş edirik ki, məsələyə bir daha və daha ədalətli şəkildə baxasınız və İntizam Komitəsinin qərarını ləğv edəsiniz.
Diqqətinizə görə təşəkkür edirik.
Oxunub: 124 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax